Nümunə nə zaman alın­malıdır?

Yenidoğulmuşda irsi meta­bolik xəstəlik və anadangəlmə hipo­tiroiditin skrininqi üçün nümunə ən erkən doğuşdan 24 saat sonra alınmalı və körpə ən azı bir dəfə ana südü və ya süni qida ilə qidalanmış olmalıdır.

Körpə 24 saatdan tez xəstəxanadan çixacaqsa bundan əvvəl skrininq üçün nümunə alınmalı, ancaq ailəsinə test­lərin 2 həftə ərzində təkrarlanmasının vacibliyi bildirilməlidir. Qan trans­fuziyasına ehtiyac varsa nümunə bu proseduradan əvvəl alınmalıdır. Nü­munə transfuziyadan sonra alındıqda isə xəstə və yarımçıq doğulmuş uşaq­larda aparılan ilkin skrininqin nəticəsi pediatr ilə müzakirə edilir, çünki testin münasib vaxtda təkrarlanması va­cibdir.

Nümunə kağızındakı məlu­mat qismində ananın və körpənin adı və soyadı, doğum tarixi, cin­siyyəti, doğuş çəkisi, xəstəxanada doğulub-doğulmadığı, qidalanmış olub-olmadığı və nümunənin alınma tarixi qeyd edilməlidir.

Nümunə haradan alın­ma­lıdır?

Nümunə ayaq dabanından aşağıdakı şəkildə görünən və qara rənglə işarələnmiş sahədən alın­ma­lıdır. Nümunənin ayağın işarələnmiş sahəsindən kənar nahiyədən və ya əl barmaqlarından alınması sümük, və­tər və sinirlərin zədələnmə ehtimalını artırır. Daban əvəzinə topuğun arxa yuvarlaq hissəsindən alındıqda isə qanın deşilən bölgədən uzağa doğru axması onun filtr kağızına düzgün hopdurulmasını çətinləşdirir.

Nümunə necə alınmalıdır?

  1. Nümunə təmiz əlcək ilə alınmalıdır. Bu prosedurdan əvvəl və sonra filtr kağızının dairəvi işarələnmiş sahəsinə toxunmaq, su, süd, süni qida məhlulu, antiseptik və s. maddələrlə təmas etdirmək olmaz.
  2. Qanın axınını artırmaq üçün körpənin ayağını isti nəmli dəsmal ilə (<42oC) bükmək olar. Körpənin ayağının ürək səviyyəsindən aşağıda tutul­ması da venoz təzyiqi artıra bilər.
  3. Deşiləcək bölgə 70%-li izo­propil spirti ilə silinir, steril tənzif ilə qurulanır. Tam qu­ruması gözlənilmədikdə də­ridə qalan spirt nümunəni durulaşdıraraq testin nəticə­lərinə təsir edə bilər.
  4. Steril, birdəfəlik və ucu 2.5 mm-dən qalın olmayan lan­set ilə daban deşilir və çıxan ilk damla steril tənzif ilə silinir. Çünki ilk damlada tes­tin nəticəsinə təsir edən spirt artığı və ekstrasellular maye ola bilər.
  5. İkinci və böyük bir damlanın əmələ gəlməsi gözlənil­mə­lidir. Sonra filtir kağızının dairəvi işarəli hissəsi bu dam­laya elə toxun­durul­ma­lı­dır ki, qan işarələnmiş sahə­yə tam hopsun. Kağızın ön və arxa tərəfindən baxaraq dairənin içərisinin tam dol­ması kontrol edilməlidir.
  6. Nümunə topuqdan birbaşa filtr kağızına hopdurul­ma­lıdır. Qanın sınaq şüşə­lə­rində laboratoriyaya göndə­rilməsi düzgün olmadı­ğın­dan bu cür nümunələr işlənilməməlidir.

Nümunə alınarkən ən çox səhv edilən və diqqət edilməli nöqtələr hansılardır?

  • Qan mütləq kağızın arxa səthinə də keçməli və işarələnmiş sahəni doldurmalıdır.
  • Qan filtr kağızının yalnız bir tərəfindən hopdurulmalı, kağız çevrilib arxa üzü də deşilmiş sahəyə toxundurulmamalıdır.
  • Qan gəlməsi üçün deşilmiş nahiyə sıxılmamalıdır. Bu hərə­kət nümunənin hemolizə uğra­masına və toxuma mayeləri ilə nümunənin durulaşmasına səbəb ola bilər. İşarələnmiş sahə dol­madan qanın axını dayanmışsa topuq müvafiq qaydada yenidən deşilməlidir.
  • Öncədən qan hopdurulmuş sa­hənin üzərinə yenidən qan hop­durul­mamalıdır. Eyni sahəyə də­fələrlə qan hopdurulması yalançı pozitiv nəticəyə səbəb ola bilər.
  • Dairənin sahəsinin tam dolması üçün birdən çox qan damlası lazımdırsa, digər damlalar dairə­dəki boşluqlara hopdurulmalı və hopmuş sahələrin birləşməsi gözlənilməlidir.

Nümunənin qurudulması və laboratoriyaya göndərilməsində diqqət yetiriləcək məsələlər hansı­lardır?

Nümunə alındıqdan sonra filtr kağızı otaq temperaturunda (15-22oC ) ən azı 3 saat, birbaşa günəş işığına məruz qalmadan, üfüqi vəziyyətdə, nümunəyə hər hansı bir cisim toxunmayacaq şəkildə və açıq­da qurudulmalıdır. Qurumaq üçün lampa və s. süni istilik mənbələri istifadə olunmamalıdır. Nümunə tam quruduqdan sonra təmiz zərfin içərisinə qoyulmalı və laboratoriyaya göndərilməlidir.