24.04.2018-ci il tarixdə 1118-Q62-3573 nömrə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış “Klinik Laboratoriya Mütəxəssisləri” ictimai birliyinin nizamnaməsində edilmiş dəyişikliklər:
I. ÜMUMİ MÜDDƏALAR 1.1. «Klinik Laboratoriya Mütəxəssisləri İctimai Birliyi» (bundan sonra - Birlik adlandırılacaq) ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə etdiyi gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatıdır və fəaliyyəti Azərbaycan Respublikasının ərazisini əhatə edir. 1.2. Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Azərbaycan Respulikasının Qanunu, digər normativ -hüquqi aktlar və bu Nizamnamə əsasında həyata keçirir. 1.3. Birlik Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındığı vaxtdan hüquqi şəxs statusu əldə edir. Birliyin müstəqil balansı, üzərində adı yazılmış möhürü, ştampı, Azərbaycan Respublikasının banklarında hesablaşma hesabı və digər rekvizitləri vardır. 1.4. Birliyin yerləşdiyi ünvan: Bakı şəhəri, Binəqədi rayonu, 9 mkr, Mir Cəlal küçəsi, ev 83, mənzil 72
II. BİRLİYİN MƏQSƏDİ VƏ VƏZİFƏLƏRİ 2.1. Birliyin əsas məqsədi klinik laboratoriya işinin inkişafına, bu sahədə maarifləndirmənin aparılmasına, mütəxəssislərin biliklərinin artırılmasına kömək etməkdən ibarətdir. 2.2. Birlik məqsədlərinə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:
Səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunmasına dair dövlət tərəfindən həyata keçirilən tədbirləri təbliğ etmək;
Klinik laboratoriya işi ilə bağlı tədqiqatların aparılmasına yardım etmək, mütəxəssislər arasında əməkdaşlığı inkişaf etdirmək;
Müvafiq istiqamətdə maarifləndirməni təşkil etmək, xarici ölkələrin müsbət təcrübəsini öyrənmək;
Azərbaycan alimlərinin apardıqları nəzəri, təcrübi və klinik elmi-tədqiqat işlərinin ümumiləşdirilməsində iştirak etmək;
Üzvlərin ixtisaslarının artırılmasına, onların elmi işlərinin, kəşf və səmərələşdirici təkliflərinin müzakirəsinin təşkilinə, onların tədbiq edilməsinə hərtərəfli yardım etmək;
Beynəlxalq elmi təşkilatlarla, görkəmli elm xadimləri ilə əlaqələrin möhkəmləndirilməsinə, onların birgə elmi tədqiqat işlərinin aparılmasına yardım etmək və alınan nəticələrin müzakirəsini təşkil etmək;
Beynəlxalq elmi nailiyyətlərin ölkəmizdə tətbiqinə kömək etmək;
Diaqnostik metodların təkmilləşdirilməsinə kömək etmək, həmçinin bu sahədə elmi-tədqiqat laboratoriyalarının yaradılmasında iştirak etmək;
İctimai birliyin xətti ilə yeni elmi diaqnostik naliyyətlərin, biliklərin təbliğini və geniş yayılmasını müntəzəm təşkil etmək;
Klinik laboratoriya sahəsində elmi-tibbi terminologiyanın işlənib hazırlanmasına kömək etmək.
2.3. Bu Nizamnamədə nəzərdə tutulmuş vəzifələri həyata keçirmək üçün Birlik:
Elmi araşdırmalar aparır, müxtəlif konqreslər, simpozumlar,kurslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil edir.
Ölkədə və xarici dövlətlərdə faəliyyət göstərən müxtəlif qeyri-hökümət təşkilatları, regional və beynəlxalq qurumlarla əlaqə qurur və onlarla birlikdə layihələr həyata keçirir;
Məqsədləri və fəaliyyəti barədə məlumatı sərbəst yayır, qanunvericiliyə müvafiq qaydada mətbu nəşrlər təsis edir.
Azərbaycan Respublikasının aidiyyəti dövlət və bələdiyyə orqanlarə ilə və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.
2.4. Birlik dövlət qeydiyyatına alındıqdan sonra 30 (otuz) gün müddətində üzvlərinin reysterinin aparılmasını təmin edir. 2.5. Birlik Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin və bələdiyyələrinin seçkisində iştirak edə bilməz.
III. BİRLİYİN HÜQUQLARI 3.1 Birlik aşağıdakı hüquqlara malikdir:
Öz adından əqdlər bağlamaq, əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh kimi çıxış etmək;
Fəaliyyəti barədə məlumatı sərbəst yaymaq;
Azərbaycan Respublikasının ərazisində və xaricdə filial və nümayəndəliklərini təsis etmək;
Banklarda hesablar açmaq və hesablaşmalar aparmaq;
Müstəqil balansa, möhürə, ştampa və digər rekvizitlərə malik olmaq;
Qanunvericiliklə qadağan edilməyən və nizamnamə məqsədlərinə uyğun olan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq;
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqlardan istifadə etmək.
IV. BİRLİYİN ƏMLAKI VƏ MALİYYƏ FƏALİYYƏTİ 4.1. Birliyin mülkiyyətində binalar, qurğular, mənzillər, avadanlıqlar, invertarlar, pul vəsaitləri, səhmlər, digər qiymətli kağızlar və bu Nizamnamə ilə nəzərdə tutulmuş fəaliyyətin maddi təminatı üçün qanunvericiliklə qadağan olunmamış növlərdə əmlak ola bilər. 4.2. Birlik öz öhdəliklərinə görə əmlakı ilə cavabdehdir. Bu əmlak yalnız Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq özgəninkiləşdirilə bilər. 4.3. Birliyin əmlakının pul və digər şəkildə formalaşdırılması mənbələri aşağıdakılardır:
Birlik tərəfindən təşkil olunan konqress, konfrans, simpozium, seminar və s. kimi tədbirlərdən əldə olunan gəlirlər;
Nəşrlərdən, yayımlardan əldə olunan gəlirlər;
Banka qoyulmuş məbləğlərdən gələn gəlirlər;
Təsisçilərin və ya Birlik üzvlərinin müntəzəm və ya birdəfəlik üzvlük haqları;
İdarə, müəssisə, yerli və beynəlxalq təşkilatların və vətəndaşların könüllü olaraq verdikləri əmlak haqları və ianələri;
Səhmlər, istiqrazlar, başqa qiymətli kağız və əmanətlərdən alınan dividendlər, gəlirlər;
Öz əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən gəlirlər;
Qrantlar;
Sərgilərdən, konsertlərdən və digər tədbirlərdən əldə olunan gəlirlər;
Təsis etdiyi müəssisələrin fəaliyyəti nəticəsində əldə olunan gəlirlər;
Qanunvericilikdə qadağan olunmamış digər mədaxillər.
4.5. Birliyin üzvləri onun mülkiyyətinə daxil olan ayrı-ayrı obyektlər üzərində xüsusi hüquqlara malik deyil. 4.6. Birlik Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada öz fəaliyyətinin məqsədlərinə və əmlakın təyinatına müvafiq olaraq öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququna malikdir. 4.7. Birliyin hesabına daxil olmuş məqsədli vəsait başqa istiqamətlərdə xərclənə bilməz. 4.8. Birlik siyasi partiyalara maliyyə və başqa maddi yardım göstərə bilməz. 4.9. Birlik qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə, statistik və sair hesabatlar tərtib edir və dövlət orqanlarına təqdim edir.
V. BİRLİYİN TƏSİSÇİLƏRİ VƏ ÜZVLƏRİ, ONLARIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 5.1. Birliyin təsisçiləri hüquqi şəxslər (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) və ya 18 yaşına çatmış fiziki şəxslər ola bilərlər. 5.2. Təsisçilər bərabər hüquqlara malikdirlər. Təsisçilərin qarşılıqlı münasibətləri, hüquq və vəzifələri qanunvericiliklə, yaxud onların arasında bağlanmış müqavilə ilə və ya bu Nizamnamə ilə müəyyən edilir. 5.3. Azərbaycan Respublikasında hər bir hüquqi şəxs (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) ictimai birliyin üzvü ola bilər. Birliyin təsisçiləri həm də Birliyin üzvləri hesab olunurlar. 5.4. Birliyə üzvlərin qəbulu Birliyin İdarə heyəti tərəfindən aparılır. 5.5. Birliyə daxil olmaq üçün İdarə heyətinə yazılı şəkildə və ya birliyin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə müraciət edilir. 5.6. Ali tibb təhsilli həkim laborantlar, Laboratoriya işi ixtisası üzrə həkim-mütəxəssislər, Mikrobiologiya ixtisası üzrə həkim-mütəxəssislər, Patoloji anatomiya və məhkəmə tibbi ekspertiza ixtisası üzrə həkim-mütəxəssislər, bu sahələr üzrə təhsil alan həkim-rezidentlər, universitetlərin biologiya fakultəsi məzunu olub, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən həkim-laborant ixtisası üzrə sertifikasiya şəhadətnaməsi əldə etmiş şəxslər, Genetika ixtisası üzrə həkim-mütəxəssislər, qanunvericiliyə uyğun olaraq tibbi genetika laboratoriyalarında işləmək hüququ olan genetika ixtisaslı digər mütəxəssislər birliyin üzvü ola bilər. 5.7. Birliyin üzvləri öz aralarında bərabərhüquqlu olub aşağıdakı hüquqlara malikdirlər:
Bu Nizamnamədə və digər sənədlərdə nəzərdə tutulmuş qaydada təşkilatın idarəçiliyində iştirak etmək;
Birliyin hər hansı seçkili, o cümlədən rəhbər orqanına seçmək və ya həmin orqanlarda təmsil olunmaq;
Birliyin fəaliyyətində və təşkil etdiyi tədbirlərdə iştirak etmək;
Birliyin rəhbər orqanlarının fəaliyyəti barədə məlumat almaq, fəaliyyətinə nəzarət etmək;
Öz mənafelərinin müdafiəsinə kömək göstərilməsi üçün Birliyə müraciət etmək;
Onun hüquq və vəzifələri ilə bağlı hər hansı məsələnin müzakirəsində şəxsən iştirak etmək, Birliyin müvafiq orqanlarına etirazını bildirmək və şikayət etmək.
5.8. Birliyin üzvü yalnız Birliyin müvafiq orqanları səlahiyyət verdikdə həmin orqanı təmsil edə və ya onun adından bəyanatla çıxış edə bilər. 5.9. Birliyin üzvləri aşağıdakı vəzifələri daşıyırlar:
Birliyin Nizamnaməsinə əməl etmək;
Birliyin seçkili orqanlarının qərarlarını yerinə yetirmək;
Nizamnamə tələblərinə riayət etmək;
Birliyin tədbirlərində iştirak etmək;
5.10. Birliyə üzvlük haqqının miqdarı Birliyin İdarə heyəti tərəfindən müəyyən edilir. 5.11. Birliyə üzvlüyə aşağıdakı hallarda xitam verilir:
Könüllü olaraq Birliyin üzvlüyündən çıxdıqda;
Birliyin üzvlüyündən çıxarıldıqda.
5.12. Birliyin üzvü aşağıdakı hallarda üzvlükdən xaric edilir:
Birliyin adına ləkə gətirən hərəkətlərə yol verdikdə;
Mütəmadi olaraq Birliyin işində iştirak etməkdən boyun qaçırdıqda;
Nizamnamə məqsədlərinə zidd hərəkət etdikdə.
5.13. Üzvlükdən, təsisçilikdən çıxarılma İdarə heyətinin qərarı ilə həyata keçirilə bilər. 5.14. Birlik üzvünün həmin qərardan Birliyin ali idarəetmə orqanına və məhkəməyə şikayət etmək hüququ vardır.
VI. BİRLİYİN TƏŞKİLATİ STRUKTURU VƏ İDARƏETMƏ ORQANLARI 6.1. Birliyin ali idarəetmə orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi yığınacaqdır. Birliyin idarəetmə orqanları aşağıdakılardır:
Ümumi yığıncaq
İdarə Heyəti
Nəzarət təftiş komissiyası (NTK)
Elmi komitə
6.2. Ümumi yığınacaq Birliyin icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır. Ümumi Yığıncaq iclasın sədri, iclas sədrinin müavini və iki katib tərəfindən idarə olunur. Ümumi Yığıncaqda keçirilən seçkidən sonrakı 7 (yeddi) gün ərzində dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə müraciət edilir. 6.3. Birliyin təsisçilərinə və üzvlərinə yığınacağın yeri və vaxtı haqqında iki həftə əvvəl sifarişli poçt göndərişi və birliyin rəsmi internet saytı vasitəsilə məlumat verilməlidir. Məlumat elektron yazışma vasitələri (e-mail, “whatsapp” qrupu, sosial şəbəkələr) vasitəsilə də verilə bilər. Bu halda Ümumi Yığıncağın protokolu Ümumi Yığıncaqda iştirak edən bütün şəxslər tərəfindən imzalanmalıdır. 6.4. Ümumi yığıncağın səlahiyyətinə aşağıdakılar aiddir:
Birliyin Nizamnaməsinin qəbulu və ona dəyişikliklər edilməsi;
Birliyin əmlakının formalaşması və istifadə prinsiplərinin müəyyən edilməsi;
Birliyin icra orqanlarının yaradılması və onların səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması;
İllik hesabatın təsdiq edilməsi;
Başqa təşkilatlarda iştirak;
Birliyin yenidən təşkili və ləğv edilməsi;
Birliyin icra orqanının rəhbərlərinin hesabatının dinlənməsi;
İdarə heyəti və Nəzarət-təftiş komissiyasının və Elmi komitənin üzvlərinin seçilməsi;
Büdcə ilə bağlı məsələlərdə qərar vermək.
6.5. Ümumi yığınacaq yalnız Birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur. İlk yığıncaqda iştirakçı sayı kifayət qədər olmadıqda, ikinci yığıncaq ən tezi bir həftə sonra eyni qayda ilə keçirilir. İkinci yığıncaqda iştirakçı sayına əhəmiyyət verilmir, lakin ikinci yığıncağa qatılan üzvlərin sayı birliyin İdarə heyəti və NTK üzvlərinin saylarının cəminin iki mislindən az ola bilməz. 6.6. Ümumi yığınacaqda müzakirə olunan məsələlər haqqında qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir. Nizamnaməyə əlavə və dəyişikliklərin edilməsi və təşkilatın yenidən təşkili və ləğvi barədə qərarın qəbulu üçün 2/3 səs çoxluğu tələb olunur. 6.7. Birliyin fəaliyyətini cari rəhbərliyin İdarə heyəti həyata keçirir. 6.8. İcra orqanı İdarə heyətinin Sədrindən, onun müavinlərindən və digər şəxslərdən ibarət olan İdarə heyətidir. 6.9. İdarə heyəti kollegial icra orqanı olub aşağıdakı səlahiyyətlərə malikdir:
Birliyin üzvlüyünə qəbul edir və üzvlükdən azad edir;
Təkliflər və layihələr irəli sürür;
Birliyin filiallarını yaradır və nümayəndəliklərini açır;
Birliyin başqa idarəetmə orqanlarının müstəsna səlahiyyətlərinə aid edilməyən bütün məsələləri həll edir.
6.10. İdarə heyəti üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli sayılır və qərarları sadə səs çoxluğu ilə qəbul edir. 6.11. İdarə heyətinin sədri, müavinləri və digər üzvləri Birliyin Ümumi yığıncağı tərəfindən 2 (iki) il müddətinə seçilir.
İdarə heyəti 11 üzvdən ibarət olmalıdır.
İdarə heyətinin sədri Birliyin ali tibb təhsilli və müvafiq klinik laboratoriya istiqaməti üzrə ixtisaslaşmış üzvləri arasından seçilir.
İdarə heyətinin sədri Birliyi təmsil etmək üçün İdarə heyəti üzvlərindən bir və ya bir neçəsinə etibarnamə ilə səlahiyyət verə bilər.
İdarə heyəti qanunvericiliklə və nizamnamə ilə müəyyən edilmiş, habelə Ümumi yığıncaq tərəfindən ona verilən vəzifə və səlahiyyətləri icra edir, lazım olduqda Birliyə işçi qəbul edir və maaşını büdcə çərçivəsində müəyyən edir, lazım gəldikdə işdən azad edir.
Sədr işdə olmadığı halda, sədr müavini sədr tərəfindən verilmiş etibarnamə əsasında sədrlik vəzifəsini icra edir. Sədr, mühasib ilə birlikdə Birliyin hesab və maliyyə məsələlərini idarə edir. Birliyin hesab fakturalarına və qəbzlərinə mühasib imza atır. Sədr, ehtiyac olarsa bu hesab faktura və qəbzləri mühasib ilə birlikdə imzalaya bilər.
Ümumi yığıncağa təqdim ediləcək sənədləri, balans hesabatını İdarə heyəti hazırlayır, cavabdehlik İdarə heyətinə aiddir.
6.12. Sədr:
Birliyi təmsil edir, onun adından müqavilələr bağlıyır, etibarnamələr verir, Ümumi yığınacağın və İdarə heyətinin qərarlarının icrasını təşkil edir;
Ümumi yığınacaq tərəfindən və Nizamnamə ilə onun üzərinə qoyulan digər funksiyaları həyata keçirir.
6.13. Birliyin Nəzarət-təftiş komissiyası birliyin vəzifəli şəxslərinin və üzvlərinin fəaliyyətinin Nizamnaməyə uyğun olması, habelə Birliyin maliyyə fəaliyyəti üzərində nəzarəti həyata keçirir. 6 aydan gec olmayan aralıqlar ilə təftişə dair hazırladığı hesabatları İdarə heyətinə və yığıncaq olduqda Ümumi yığıncağa təqdim edir. NTK üzvlərinin sayı 5 nəfərdən ibarət olmalıdır. NTK-nın səlahiyyət müddəti 2 (iki) ildir. NTK-nın qərarları sadə səs çoxluğu ilə qəbul edilir. 6.14. NTK Birliyin orqanlarından və üzvlərindən daxil olan müraciətlərə bir ay müddətində baxıb cavab verməlidir. 6.15. Dövlət qeydiyyatına alınmış birlik Azərbaycan Respublikasının ərazisində və xaricdə filiallarını yarada, nümayəndəliklərini aça bilər. Birlik on gün müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə filial və (və ya) nümayəndəliyinin yaradılması haqqında məlumat verməlidir. 6.16. Birliyin Elmi komitəsinin üzvlərinin sayı 9 nəfərdən ibarət olmalıdır. Elmi komitə Birliyin fəaliyyət istiqamətləri üzrə metodiki göstərişlər, tövsiyələr, təlimatlar hazırlayır, elmi nəticələri (hesabat, məqalə, analitika) rəsmiləşdirir, Birliyin yazışmalarına, layihələrinə elmi rəy verir. Elmi komitənin səlahiyyət müddəti 2 (iki) ildir. Elmi komitənin qərarları sadə səs çoxluğu ilə qəbul edilir.
VII. BİRLİYİN FƏALİYYƏTİNƏ XİTAM VERİLMƏSİ 7.1. Birliyin fəaliyyətinə onun yenidən təşkil edilməsinə (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) və ləğv edilməsi yolları ilə xitam verilir. Birliyin fəaliyyətinə xitam verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir. 7.2. Birliyin fəaliyyətinə xitam verilməsi haqqında qərara əsasən ləğvetmə komissiyası yaradılır. Bu andan Birliyin idarəçiliyi ilə əlaqədar bütün səlahiyyətlər ona keçir. Ləğvetmə komissiyası ləğvetmə balansını tərtib edir. Birliyin ləğvi zamanı büdcə ilə hesablaşmalardan və kreditorların tələbləri ödənildikdən sonra qalan əmlak qanunvericiliklə müəyyən olunmuş qaydada Nizamnamə məqsədlərinə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilir. Birliyin ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və digər qanunvericilik aktlarına əsasən həyata keçirilir.
VIII. DİGƏR ŞƏRTLƏR 8.1. Bu Nizamnamədə nəzərdə tutulmayan məsələlər qanunvericiliklə tənzimlənir. 8.2. Gələcəkdə bu Nizamnamənin müddəaları qanunvericiliklə ziddiyyət təşkil edərsə, qanunvericiliyin müddəaları tədbiq edilir. 8.3 Birliyin maliyyə ili dövlət qeydiyyatına alınma tarixindən başlayır və həmin ilin dekabr ayının 31-də başa çatır. Növbəti maliyyə illəri 1 yanvardan dekabr ayının 31-dək olan dövrü əhatə edir. 8.4 Birlik İdarə Heyətinin sədri tərəfindən təsdiq edilmiş aşağıdakı dəftərləri tutur: