Klinik laboratoriyalar xəstəxanalarda infeksiyalar ilə əlaqəli xüsusi əhəmiyyət daşıyan bölmələrdir.

Hansı infeksion agenti daşıdığı əv­vəl­cədən məlum olmayan qan, toxuma və s. nümunələrlə işləyən mikro­bio­lo­ji, patoloji, biokimyəvi, klinik-diaq­nostik laboratoriyaların personalı bun­larla əlaqəli çalışmaların hər bir mər­hələsində yoluxma riski ilə üz-üzədirlər. Laboratoriyada işləyənləri infeksion xəstəliklərdən qoruyan, hə­yati əhəmiyyət daşıyan proses mik­roorqanizm kulturalarının, iş sahələ­rinin və ya bioloji materialla kon­taminə olmuş ləvazimatların dekon­taminasiya mərhələsidir. İşçilərin və ətrafın təhlükəsizliyindən başqa, xü­susilə mikrobioloji laboratori­ya­lar­da düzgün, etibarlı nəticə əldə edilməsi baxımından mikroorqa­nizm­lərdən  tə­miz­lənmiş şərait, ləvazimat və mad­dələrlə işləmək ən təməl qaydalardır.

Ötən illərdə infeksiya törə­di­cilərinin ətraf mühitdən baş verən yo­luxma­larından daha çox, insandan-in­sana yoluxmalara önəm verilirdi. La­kin labora­toriyalarda istifadə olunan ləvazimat və avadanlıqların sterili­za­siyası, hər-hansı qəza və ya tökül­mə­dən sonra tətbiq olunacaq dekon­ta­mi­nasiya prosesi və çalışmalardan sonra kontaminə olmuş qalıqların kənarlaş­dırılmasının əhəmiyyəti son illərdə daha dəqiq məlum olmuşdur.

Laboratoriyalarda biotəhlü­kə­sizliyin təmin olunmasında yanlış ic­raatların qarşısının alınması ba­xı­mın­dan sterilizasiya, dezinfek­si­ya, anti­septika prinsiplərinin əhəmiy­yəti bö­yükdür.

Sterilizasiya:Endosporalar da daxil olmaqla mikroorqanizmlərin tamamilə öldürülməsi, yaxud kənar­laşdırılması prosesidir.

Dezinfeksiya:Sporalar istis­na olmaqla, mikroorqanizmlərin ta­ma­mən olmasa belə, böyük hissəsinin, xüsusilə patogen mikrobların zərərsiz­ləşdirilməsi, kənarlaşdırılması pro­se­sidir. Dezinfeksiya prosesi əsasən iş sa­hələri, avadanlıqlar kimi cansız səth­­lərə, yaxud obyektlərə tətbiq olu­nur.

Antiseptika:Canlı toxu­ma­nın və ya dərinin dezinfeksiyasıdır.

Dekontaminasiya: Mikro­or­qanizmləri kənarlaşdıran və/və ya öldürən sterilizasiya, dezinfeksiya və antiseptika prosesləri ümumi mənada dekontaminasiya adlandırılır. Dekon­ta­minasiyanın məq­sədi kontaminə ol­muş materialın sonrakı çalışmalar üçün hazır və­ziyyətə gətirilməsidir. Kulturalar atıl­mazdan əvvəl dekon­taminasiya edilir: təkrar istifadə olu­nan alətlər əvvəlcə yuyulur, sonra sterilizasiya prose­sindən keçirilərək dekontaminə edilir.