Hörmətli AZKLMİB üzvləri,
Qürur hissi ilə bildiririk ki, 4 Oktyabr 2023-cü il tarixindən etibarən AZKLMİB Beynəlxalq Klinik Kimya və Laborator Tibb Federasiyasına (IFCC) tam hüquqlu üzv qəbul edilib.
AZKLMİB-in IFCC üzvlərinin mütləq əksəriyyətinin səs çoxluğu ilə qurumun 97-ci tam hüquqlu üzvü seçilməsi barədə IFCC Prezidenti Prof. Khosrow Adeli AZKLMİB İdarə Heyətinin sədr müavini, dosent Ramin Bayramlıya məktub ünvanlayıb. http://azklmib.az/wp-content/uploads/2023/10/Letter-EN_AZ.pdf
Qeyd edək ki, AZKLMİB İdarə Heyəti bu hədəf üçün məqsədyönlü şəkildə çalışmış, 21-25 May 2023-cü il tarixində IFCC-nin Romada təşkil olunmuş “WORLDLAB EUROMEDLAB ROMA 2023” konqresində iştirak etmiş və IFCC-nin rəhbər heyəti ilə görüşlər keçirmişdi.
IFCC üzvlüyü AZKLMİB-in eyni zamanda Avropa Laborator Tibb Federasiyasına (EFLM) üzvlüyünə qapı açır. Birliyin IFCC və EFLM-yə üzv olması Azərbaycan Laboratoriya Təbabəti və həmçinin Azərbaycan səhiyyəsi üçün əlamətdar bir hadisədir. Artıq Şanlı Üçrəngli Bayrağımız qurumun bütün beynəlxalq və çoxminli iştirakçı ilə keçirilən tədbirlərində IFCC-yə tam hüquqlu üzv olan 97 dövlətin bayrağı ilə birlikdə dalağalanacaqdır! Bu tarixi hadisə eyni zamanda AZKLMİB üzvlərinin uğurudur.
İnanırıq ki, IFCC və EFLM ilə əməkdaşlıq ölkəmizdə laborator tibbin inkişafına böyük töhfələr verəcək, AZKLMİB üzvlərinin karyerasında yeni üfüqlər açacaqdır.
AZKLMİB İdarə Heyəti olaraq bu münasibətlə Azərbaycan laborator tibb ictimaiyyətini, o cümlədən AZKLMİB ailəsini təbrik edir, bütün üzvlərimizə uğurlar diləyirik!
Hörmətlə,
AZKLMİB İdarə Heyəti